Azərbaycan Elm Fondunun 10-cu “Mobillik qrantı”nın nəticələri elan olunub

Azərbaycan Elm Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən və 2023-cü ildə elan edilmiş 10-cu “Mobillik qrantı” müsabiqəsinin nəticələri elan olunub.
10-cu “Mobillik qrantı” müsabiqəsinə layihələr alimlər tərəfindən onlayn şəkildə “Asan İmza”nın inteqrasiya edildiyi “e- Qrant” – “Qrant layihələrinin elektron idarəolunması sistemi” vasitəsilə təqdim olunub.
Nəticələr Fondun Müşahidə Şurası tərəfindən təsdiq edildikdən sonra 10-cu “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 108 min manat olan 10 qalib layihə müəyyənləşdirilib.
Bu müsabiqədə qalib olan layihələr xaricdə qısamüddətli elmi təcrübəkeçmə ilə bağlıdır. Qaliblərdən 5-i qadındır.
Qaliblər AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Elm və Təhsil Nazirliyin Neft-Kimya Prosesləri İnstitutu, Radiasiya Problemləri İnstitutunu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini təmsil edirlər. Onlar Türkiyə, Almaniya və Fransada qısamüddətli təcrübəkeçmədə iştirak edəcəklər.

“Mobillik qrantı” üzrə müsabiqələrin keçirilməsində məqsəd Azərbaycanda elmin inkişafını dəstəkləmək, alimlərin xaricdə təcrübə keçməsini və tədbirlərdə iştirakını stimullaşdırmaq, beynəlxalq elmi əlaqələr qurulmasına şərait yaratmaq və ölkənin elmi kadr potensialını daha da gücləndirməkdir.